Telegram-ın yaradıcısı Pavel Durov messencer daxilində Premium abunəliyi anons edən zaman bildirmişdi ki, messencerin standart funksiyaları pulsuz olaraq qalacaqlar və aylıq ödənişli abunəliyə daxil edilməyəcəklər. Lakin bir neçə müddət bundan öncə Telegram-dakı kanalların sahibləri standart funksiyalardan birinin ödənişli olduğunu aşkar ediblər. Belə ki, kanalların sahibləri və adminləri Telegram Premium əldə etmədən paylaşımları kanal adından edə bilmirlər. Bundan əlavə olaraq onlar həmçinin kanal çatında, kanal daxilindəki paylaşımların rəylərində və həmçinin digər kanallarda öz fikirlərini sahib olduqları kanalın adından qeyd edə bilmirlər.

Bu imkanların aktivləşdirilməsi üçün Telegram Premium abunəliyin əldə edilməsini təklif edir. Ola bilər ki, Telegram-ın bu cür addımı Telegram Premium-un ləng şəkildə yayılması ilə bağlıdır. Premium Statistics kanalının təqdim etmiş olduğu məlumata əsasən bu ilin oktyabr ayı üçün Telegram Premium istifadəçilərinin ümumi faiz göstəricisi 0.38% təşkil edib. Daha öncə Pavel Durov qeyd etmişdi ki, Telegram-ın bütün xərclərinin qarşılanması üçün istifadəçilərin 3%-nin Telegram Premium-a keçid etməsi kifayət edir. Verilmiş digər bir məlumata əsasən isə kanal adından paylaşım etmə funksiyasının ödənişli olmasının əsas səbəbi spam paylaşımlarının saylarını azaltmaqdır.